Füzulidə qadın 13 min manatlıq dələduzluqda və rüşvət cinayətində ittiham olunur
Füzuli rayon sakini Maral Xəlilovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş kollektiv ərizə əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə məlumatı AZƏRTAC Füzuli Rayon Prokurorluğuna istinadla yayıb. Bildirilir ki, araşdırmalar zamanı Kərimbəyli kənd sakini Maral Xəlilovanın Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək, onun oğlu Qorxmaz İdriszadənin cinayət əməlini daha yüngül maddə ilə tövsif etdirmək vədi ilə Xumar Əbdüləzimovadan və onun qardaşı Eldost Hacıyevdən ümumilikdə 13 min manat aldığına dair əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
|